"Hibrid müharibə" nədir?| Beynəlxalq hüquqi ölçüdə gizli savaşlar – ANALİZ

2018/03/8_12179176240.jpg
Oxunub: 6322     16:24     30 Mart 2018    
Son üç il ərzində "hibrid müharibə" termini fəal siyasi mühitdə daha çox istifadə olunur, lakin bu anlayışın hüquqi aspektləri kifayət qədər zəif öyrənilib."Hibrid müharibə" təhlükəli vəziyyətlərdə dövlətlərin informasiya sahəsindəki siyasi tendensiyaların davamını əks etdirən, aydın hüquqi məzmuna malik olmayan hərbi-güc terminologiyası kimi təqdim olunur.

Mövcud vəziyyətdə hüquq kontekstində beynəlxalq hüquqi terminologiyanın istifadəsinin və onun gələcək inteqrasiyasının mümkünlüyü barədə ciddi müzakirələr aparılır. "Hibrid müharibə" fenomeni beynəlxalq münasibətlərin informasiya komponenti kimi əhəmiyyətli dinamik artım göstərir və əsasən heç bir fiziki təsir etmədən "rəngli inqilablar" və ya "ərəb baharı" anlayışlarının həyata keçirilməsinin məntiqi davamı hesab olunur.

30 ildir ki, mövcud olan "dövlət terroru" beynəlxalq hüquq termini olduğu halda beynəlxalq hüquq aparatına "hibrid müharibə" termininin daxil olma perspektivi çox qeyri-müəyyən görünür.

Bununla yanaşı, informasiya-kommunikasiya sahəsi dinamikasına görə beynəlxalq hüquqi tənzimləmə obyekti kimi çox mürəkkəbdir. Biz "hibrid müharibə" hüquqi anlayışını klassik hərbi güc kateqoriyaları sırasında ən əhəmiyyətli beynəlxalq hüquqi məsələ kontekstində araşdırmalıyıq.


Bu kontekstdə sual yaranır – kiberhücum dövlət özünümüdafiəsinin əsası hesab oluna bilərmi və "hibrid müharibə"yə aid edilə bilən bu hərəkətlər beynəlxalq hüquqi məsuliyyət üçün əsas kimi təsnif edilə bilərmi?

İnformasiya müharibəsi həmişə ənənəvi hərbi-güc qarşıdurmasında dövlətlərin ayrılmaz hissəsi olub, lakin son illərdə beynəlxalq münasibətlərdə informasiya komponenti əhəmiyyəti və ciddi artım ilə müşayiət olunur.

2017-ci ilin fevralında "Microsoft" korporasiyasının rəhbəri B. Smit kibercinayətkarlığa qarşı mübarizə üzrə "Rəqəmsal Cenevrə Konvensiyası" nın yaradılmasını, eləcə də digər ölkələrə qarşı kiberhücumların hökumətlər tərəfindən maliyyələşdirilməsini araşdırmaq üçün müstəqil təşkilat qurmaq təklif etdi. Rusiyada isə 2017-ci ilin fevralında informasiya əməliyyatları aparan qüvvələrin yaradılması rəsmən elan olundu.

Yuxarıda göstərilən nümunələr mövcud mərhələdə dövlətlərin informasiya qarşıdurmasının vacibliyini aydın göstərir. Əgər, "informasiya müharibəsi" termini bizə kifayət qədər tanışdırsa, "hibrid müharibə" termini son bir neçə ildə işlənməyə başlayıb. "Google" axtarış mühərrikində "hibrid müharibə" sözünün sorğu dinamikası göstərir ki, bu termin 2014-ci ilin yazına qədər xüsusi maraq kəsb etməyib. Sanki bu termin bilərəkdən media məkanına "atılan" və çoxsaylı ekspertlərin və akademik icmaların çoxsaylı müzakirə və şərhlərinə səbəb olan bir ifadə idi.

"Hibrid müharibə" terminin siyasi və hüquqi konteksti, bu terminin beynəlxalq hüquq terminologiyasına daxil edilməsi perspektivləri

Uzun müddət, "hibrid müharibə", "informasiya müharibəsi", "rəngli inqilab" beynəlxalq hüquqa aidiyyəti olmayan sırf siyasi elementlər kimi qəbul edilirdi. Lakin son zamanlar qərb ekspertləri tərəfindən "hibrid müharibə"nin beynəlxalq hüquqi aspektləri fəal araşdırılmağa başlayıb.


Ölkəmizin beynəlxalq hüquq doktrinası, ümumiyyətlə "hibrid müharibə" termini ilə "əməliyyat aparmağa" üstünlük vermir, çünki bu söz beynəlxalq hüquq termini kimi qəbul edilməyib. Digər tərəfdən bu mövqe, terminin mövcud beynəlxalq hüquqi sənədlərdə də təsbit olunmadığına görə əsaslı hesab oluna bilər.

Digər prizmadan, son onillikdə "humanitar müdaxilə" və ya "uğursuz dövlət" terminlərinin mövcud beynəlxalq hüququn bütün strukturuna güclü təsir göstərdiyinin də şahidiyik.

Beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq, müasir beynəlxalq hüquqda gücdən istifadə problemi tamamilə həll olunmadığı aydındır, lakin son onilliklərdə bir çox ölkələr açıq təcavüzkar siyasətlərini həyata keçirilməsi məqsədi ilə beynəlxalq ictimaiyyətin gözündə öz hərəkətlərinə maksimum legitimlik qazandırmağa çalışır.

Buna görə də "müharibə" termini BMT Nizamnaməsinin birbaşa pozulmasına işarə etdiyinə görə son illərdə daha az işlənir, əvəzində isə çox tez-tez "beynəlxalq münaqişə" və ya "beynəlxalq böhran" terminlərinə rast gəlirik. Bundan əlavə, son onilliklərdə açıq hərbi münaqişələrdən daha çox gizli münaqişələrə rast gəlirik.

Bu faktlar dünyada baş verən vətəndaş müharibələrinin, separatizmin və "öz milli müqəddəratını təyinetmə" meyllərinin sayının görünməyən həddə artmasına gətirib çıxarıb. V.S. Kotlyar, "hibrid müharibə" ifadəsinin müasir istifadəsinin iki əsas kontekstini qeyd edir.


Birinci kontekst, "müntəzəm olmayan hərbi qurumların, təhlükəsizlik xidmətlərinin xidmətlərindən istifadə edərək, təxribat, sabotaj, diversiya, informasiya, maliyyə və iqtisadi əməliyyatlar, kiberhücumlar, insanların davranışına psixoloji təsir göstərmək və s. kimi pozuculuq fəaliyyətləri yerinə yetirməkdən ibarətdir.

İkinci kontekst isə, hücum edən ölkənin müntəzəm Silahlı Qüvvələrdən istifadə etmədən, onun maraqlarını paylaşan qurban verilən rəqib ölkənin daxili siyasi gücunə dəstək verərək, mövcud rejimi və ya onun siyasətini radikal şəkildə dəyişdirmək üçün irimiqyaslı təxribat əməliyyatlarının həyata keçirilməsi ilə bağlıdır.

Belə ki, beynəlxalq hüquq mühakiməsində "hibrid müharibə"ni qarşıdurma zamanı klassik hərbi güc xaricində düşmənə müxtəlif təsir vasitələrindən istifadəni nəzərdə tutan "çətir" terminlərə aid etmək olar. Qeyd etmək vacibdir ki, beynəlxalq hüquqda 30 ildən artıqdır ki, tərkibində "hibrid müharibəyə" çox yaxın olan "dövlət terrorizmi" termini var. "Dövlət terrorizmi" çoxşaxəli bir termindir, lakin onun bütün təzahürləri bir dövlətin başqa bir dövlətə qarşı yönələn gizli təsirlərindən ibarət olur. Bu ekstremist və terrorçu təşkilatların dəstəklənməsindən ibarət "dövlət dəstəkli terrorçuluq" adlanan bir fəaliyyət (Dağlıq Qarabağda ermənilərin böyük dövlətlər tərəfindən hərtərəfli dəstəklənməsi, dövlət terrorunun klassik nümunəsidir) də hesab edilə bilər. Bu həmçinin geniş və uzaq planları olan, digər ölkə müxalifətinə maliyyə dəstəyi göstərən dövlət fəaliyyəti (faktiki olaraq, hər hansı bir "rəngli inqilab" və ya "Ərəb baharı" formatına uyğun gəlir) də ola bilər. "Dövlət terrorizmi"nə, başqa dövlətin ərazisində xüsusi xidmət orqanlarının qanunsuz olaraq həyata keçirilən fəaliyyətini də aid etmək olar.

Bu cür fəaliyyətlərə bir başqa dövlətin səfirliklərinin və ya digər qurumlarının qeyri-qanuni dinlənilməsi, strateji obyektlərin sıradan çıxarılması, siyasi xadimlərin aradan götürülməsi kimi fəaliyyətlər də aiddir. Cenevrə Bəyannaməsi (1987) "dövlət terrorizmi" siyasətinin qanunsuzluğunu qeyd edir, lakin bu məsələ ilə bağlı tam miqyaslı qadağan edilmə konvensiyası hələ ki qəbul olunmayıb.

"Hibrid müharibə" konsepsiyasının ortaya çıxması səbəblərı

"Hibrid müharibə" fenomeninin ortaya çıxması üçün üç əsas səbəb qeyd edə bilərik. Şərti olaraq onları "hüquqi", "hərbi" və "texniki" qrup kimi qəbul edək.


Birinci səbəblər qrupu ("hüquqi") birbaşa BMT Nizamnaməsinin 2-ci maddəsində (1945) əks olunub və dövlətlərarası ziddiyyətləri həll etmək üçün silahlı təcavüzün tətbiq edilməsinə qadağa ilə bağlıdır. Bu maddənin məcburi prinsipial tətbiqi nəticəsində ayrı-ayrı dövlətlər silahlı gücdən istifadə etmədən xarici siyasət məqsədlərinin həyata keçirilməsini qeyri-zorakı üsullarla axtarmağa başladılar.

Bir sıra ekspertlər hesab edirlər ki, Sovet İttifaqı və ABŞ arasında on illərlə davam edən "Soyuq Müharibə" şəraitində "hibrid müharibə"nin fərdi elementlərindən istifadə edilməsi normal haldır: birbaşa hərbi toqquşma mümkün olmadığı üçün, ABŞ və Rusiya hər silahlı münaqişə zamanı döyüşən tərəflərdən birini hərbi baxımdan dəstəkləyirdi.

İkinci "hərbi" səbəblər qrupudur. Qlobal hərbi güc qarşıdurması beynəlxalq hüquq baxımından getdikcə aktuallığını itirməsindən başqa faktiki səmərəliliyini də itirir. Silahlı aksiyaların kütləvi təbiəti, böyük ordunun istifadəsi artıq keçmişdə qalıb. Qərb ölkələrində bu tip münaqişələrdə verilən çoxsaylı itkilər seçicilərin (İraq və Əfqanıstandakı münaqişələrə qarşı ABŞ-da kütləvi nümayişlər) etirazına səbəb olur.

"İnformasiya müharibəsində" itkilər hərbi qüvvələrin qarşıdurması ilə müqayisə ediləcək qədər böyük olur. Hal-hazırda informasiya qarşıdurması və "yumşaq güc" ilə təsir faktiki olaraq mövcud beynəlxalq hüquq sahəsindən kənara çıxıb. İnformasiya axını, davamlı olaraq orta vətəndaşın üzərinə tökülür və tədricən onun dünya görünüşünü, dəyərlərini dəyişir. Beləliklə, "hibrid müharibənin" məqsədlərindən biri "cəmiyyətin əsas ənənəvi dəyərlərini təcavüzkarın mənəvi və psixoloji münasibəti ilə əvəz edilməsi" baş tutur.

Daxili ekspertlər "hibrid müharibə"də insanların etno-psixoloji, cins, yaş və digər xüsusiyyətləri, onların kütləvi şüuruna yönələn məlumatlarda kütləvi manipulyativ psixo-texnologiyalardan istifadə ilə müşayiət olunduğunu qeyd edirlər.


İnformasiya və kommunikasiya texnologiyaları, xüsusilə internetlə məlumatların yayılması sayəsində "hibrid müharibə"nin hərbi əməliyyatlar teatrı teorik olaraq istənilən ölkə ola bilər. "Hibrid müharibə" mövzusunu gerçəkləşdirən səbəblərin üçüncü qrupu "texniki" olaraq təyin edilib. Çünki bu, müasir dövlətlərin texniki cəhətdən artan imkanları ilə əlaqəli olur. İnformasiya məkanının son iki onilliyi ərzində, kütləvi kommunikasiya sahəsində yeni texnologiyaların yaranması səbəbilə, qeyri-zorakı qarşıdurma üçün, bahalı və texniki cəhətdən çətin olan klassik hərbi-güc qarşıdurmasına nisbətən daha ucuz və effektiv vasitələrin istehsalına gətirib çıxardı. Bir tərəfdən raket əleyhinə kompleksin yerləşdirilməsi, xidmət olunması və saxlanılması, digər tərəfdən isə nəzarətdə olan kütləvi informasiya vasitələrində dezinformasiya yerləşdirilməsi arasında yaranan maliyyə fərqi hamıya aydındır.

"Hibrid müharibələrin" hüquqi tənzimlənməsinin perspektivləri

Bəzi hallarda informasiya sahəsinə təsir göstərən, məsələn, BMT Baş Assambleyasının 18 saylı qətnaməsi kimi deklarativ xarakterli bir çox beynəlxalq sənədlər var.

Digər tərəfdən, hələ də yerinə yetirilməsi məcburi olan həqiqətən təsirli normativ və hüquqi sənədlər çox azdır. İnformasiya mübadiləsi sahəsində ən görkəmli və çoxtərəfli sənədlərdən biri Avropa Şurasının (2001) kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasıdır. Lakin bu sənəd ilk növbədə iştirakçı dövlətlərin sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırır; ikincisi, informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, 17 il əvvəl qəbul edilən Konvensiyada dəyişiklik edilməlidir; üçüncüsü, bu Konvensiyanın müəyyən müddəaları məzmun baxımından mübahisəli olduğu və hətta bəzi ekspertlər tərəfindən "qlobal miqyasda casusluğu qanuniləşdirmək cəhdi" kimi dəyərləndirilir.


Ümumən, hüquqi bazanın tətbiqi siyasi konsensus tələb edir, lakin informasiya məkanı minimum uyğunlaşdırılmadan və ya ümumi terminologiya tətbiqindən hələ çox uzaqdır. Bəzi ekspertlər "hibrid müharibə"nin müharibə və beynəlxalq humanitar hüquq qanunun yaxşılaşdırılması üçün böyük irimiqyaslı beynəlxalq səylərə ehtiyac duyduğunu vurğulayırlar. Bir tərəfdən, bununla razılaşmaq olar, lakin digər bir tərəfdən hüquqi tənzimləmənin olmamasının beynəlxalq hüququn əsas subyektləri kimi dövlətlərə sərfəli olmasını da inkar etmək olmaz.

Bu və ya digər sahənin hüquqi tənzimlənməsinə razılıq verilməsi, böyük dövlətlərin yeni alternativ təsir imkanı yarandıqda mümkün olur.

Silahların müəyyən növlərinin qadağan olunması təkamülünə baxsaq görərik ki, beynəlxalq hüquq dövlətlərin silahların tətbiqi mərhələsindən bir neçə onilliklər geri qalır. Deyilənlər piyada əleyhinə minalara, kimyəvi silahlara, yüksək hərarətli silahların müəyyən növlərinə aiddir.

Həmçinin, informasiya təsirinin yeni metodlarının tətbiqi ilə tədricən ən azı texniki inkişaf edən ölkələrdə adi silahların müəyyən növlərinin azalacağı ehtimal edilə bilər. Əlbəttə ki, beynəlxalq siyasi məkanın qeyri-sabitliyi iqtisadi sanksiyalardan qlobal nüvə müharibəsinə qədər istənilən variantları istisna etmir. Lakin iqtisadi cəhətdən inkişaf edən ölkələr üçün əsas seçim kimi daha ucuz və ən çətin sübut olunan, beynəlxalq məsuliyyəti olmayan "hibrid müharibə"yə üstünlük veriləcəyi ehtimal olunur.

Dövlətlərin "hibrid müharibələr" üçün beynəlxalq məsuliyyətə cəlb edilməsi perspektivləri

Dövlətlərin qarşılıqlı qüvvə tətbiqinin tənzimlənməsi birbaşa olaraq, qüvvədə olan BMT Nizamnaməsinin 2-ci maddəsində qeyd olunan güc və qüvvədən istifadə etməmək prinsipi ilə bağlıdır. Müharibələr çox müxtəlifdir - hərbi, mədəni, iqtisadi, informasiya və s.


İnformasiya - güc tətbiqinin təsirindən istifadənin hazırda hüquqi tənzimləmə sahəsindən kənarda olduğunu ifadə etmək olar. Müasir beynəlxalq hüquqi sənədlərin böyük əksəriyyəti daxili qarşıdurmalara deyil, dövlətlərarası münaqişələrə hesablanaraq hazırlanır. Eləcə də, "rəngli inqilablar", "Ərəb baharı" və s. hadisələr zamanı xalqların və millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə bağlı məsələlər (Dağlıq Qarabağ münaqişəsi) qabardılır, ikili standartlar tətbiq olunur.

Ekspertlər qeyd edirlər ki, hibrid müharibənin vacib bir xüsusiyyəti, müharibə və sülh arasındakı bir sərhədin olmamasındadır. Bu isə, "hibrid müharibənin" yeganə informasiya komponentinin müasir beynəlxalq hüququn hüdudlarından kənara qalmasına gətirib çıxarır. Bundan əlavə, hətta əgər onlar tətbiq edilsə belə, buna görə beynəlxalq məsuliyyət son dərəcə çətin sübut olunur və nadir hallarda həyata keçirilməsi final mərhələsinə gətirib çıxarır. Əgər söhbət "hibrid müharibə"dən gedirsə, müasir beynəlxalq hüquq baxımından bu cür müdaxiləni sübut etmək faktiki olaraq mümkün deyil, çünki, bu fəaliyyət növü üçün beynəlxalq məsuliyyət nəzərdə tutulmur.

Ümumiyyətlə, sübut mövzuları, arqumentlər və faktların yoxlanması "hibrid müharibə"də xüsusilə aktual deyil: əsas müxtəlif mənbələrdən eyni zamanda "səs-küyə səbəb olacaq informasiya" sızdırmaq, bu mövzuda analizlər, məruzələr və hesabatlar dərc etdirməkdir. Bu fakt ona gətirib çıxarır ki, "hibrid müharibə"də təşəbbüskar və ya "təcavüzkar" ictimaiyyətə məlum deyil.

İnformasiya sahəsinin spesifikliyi ilə əlaqədar olaraq, "təcavüzkarın" dəqiq harda yerləşməsini təyin etmək praktiki olaraq mümkün olmur. Bundan əlavə, müasir texnologiya əsl kiberhücum icraçısının tapılmaması üçün izləri itirməyə və ya istənilən yanlış istiqamətə yönləndirməyə imkan verir.


"Hibrid müharibə" kontekstində yaranan əsas beynəlxalq hüquq suallar aşağıdakılardır: "hibrid müharibə"ni beynəlxalq hüquq termini hesab etmək olarmı? Əgər "hibrid müharibə" hüquqi mənada müharibədirsə, o zaman onun aparılma prosesini qanuni çərçivəyə salmaq mümkündürmü və lazımdırmı? "Hibrid müharibə" nəticəsində dəyən zərər beynəlxalq məsuliyyət üçün əsas ola bilərmi?

Hərbi və informasiya sahələri arasında birbaşa paralellər aparmaq olarmı? Məsələn, kiberhücumlar BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən dövlətin özünü müdafiə etməsinin əsası kimi nəzərə alına bilərmi? Bu məsələlər "hibrid müharibələr"lə bağlı məsələlərin hüquqi tənzimlənməsi üçün bir növ "yol xəritəsi" hesab oluna bilər.

Təkcə o məlumdur ki, "hibrid müharibə" termininin hüquqi tənzimlənməsi perspektivləri çox dumanlıdır, çünki bu tip beynəlxalq hüquqi sənədlərin qəbulunda vacib olan dövlətlərarası geniş konsensus və razılaşmalar hazırda müşahidə olunmur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hibrit-müharibə   Beynəlxalq-hüquq  


Bizi "telegram"da izləyin